"Marsel" Artur Vermerenin transferindən imtina edib

Futbol
  • 08 aprel, 2026
  • 16:37
Marsel Artur Vermerenin transferindən imtina edib

Fransanın "Marsel" klubu Artur Vermerenin birdəfəlik transferindən imtina edib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, klub mövsümün sonunda "Leyptsiq"dən icarəyə götürdüyü 21 yaşlı belçikalı yarımmüdafiəçini komandada saxlamamaq qərarına gəlib.

"Marsel" futbolçunun 20 milyon avroluq satınalma bəndini aktivləşdirməyəcək. Belçikalı futbolçu sabiq baş məşqçi Roberto De Zerbinin rəğbətini qazansa da, mövsümün gedişində forma geyinmək şansları xeyli azalıb. Hazırkı baş məşqçi Habib Beyenin gəlişindən sonra isə o, tamamilə əsas heyətdən çıxarılıb və Liqa 1-in son üç oyununda meydanda olmayıb.

Yarımmüdafiəçi sonuncu dəfə fevralın 20-də "Brest"lə matçda start heyətində yer alsa da, fasilədə əvəzlənib.

Qeyd edək ki, A.Vermeren "Marsel"in heyətində keçirdiyi 20 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsüm bitdikdən sonra onun müqavilə ilə məxsus olduğu "Leyptsiq"ə qayıdacağı gözlənilir.