Maksim Medvedev: "Dinamo" "Qarabağ"ın əvvəlki rəqibləri ilə müqayisədə orta səviyyəli komandadır"

Futbol
  • 13 avqust, 2026
  • 15:14
Maksim Medvedev: Dinamo Qarabağın əvvəlki rəqibləri ilə müqayisədə orta səviyyəli komandadır

Ukraynanın "Dinamo" (Kiyev) klubu "Qarabağ"ın daha əvvəl qarşılaşdığı rəqiblərlə müqayisədə orta səviyyəli komandadır.

Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq müdafiəçisi Maksim Medvedev deyib.

Hazırda "Qarabağ"ın əvəzedici heyətini çalışdıran mütəxəssis ilk matçın nəticəsinə əsasən mərhələ adlamaq şanslarının olduğunu diqqətə çatdırıb:

"Səfərdəki qarşılaşmada istənilən futbol alınmadı və müəyyən sıxıntılar yaşandı. Lakin cəmi 1 top fərqi var və şanslar pis deyil. Düşünürəm ki, evdə, azarkeşlərin önündə daha yaxşı mübarizə olacaq və lazımi nəticə qazanılacaq. Baş məşqçi Qurban Qurbanov təhlillərdən sonra komandanın hansı heyət və taktika ilə meydana çıxacağını yaxşı bilir. Səhvlər artıq məlumdur. Komandanın "Dinamo" səddini keçməyə gücü çatacaq".

Mütəxəssis rəqib komanda barədə fikirlərini bölüşüb:

"Dinamo"da qeyri-adi nəsə görmədim. Ağdam klubunun əvvəllər üz-üzə gəldiyi komandalarla müqayisədə orta gücə malik kollektivdir. "Qarabağ" daha güclü rəqiblərə qarşı oynayıb. Məsələ qarşı tərəfin gücündə deyil, "Qarabağ"ın öz potensialını göstərməsindədir. Komanda öz çıxışının üstünə ən azı 20 faiz də əlavə etsə, "Dinamo"nu keçəcək".

Xatırladaq ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada keçirilən ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

44 - Tezliklə