Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk: "Azərbaycan qarşılaşmanın favoritidir"
- 30 sentyabr, 2026
- 16:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi qarşılaşmanın favoritidir.
"Report"un məlumatına görə, bu barədə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıdakı mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:
"Əvvəlki oyunumuzdan üç gün keçib. Bura gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq".
O, Litva - Azərbaycan (1:1) matçını izlədiyini söyləyib:
"Həmin qarşılaşmanı təhlil etmişik. Favorit meydan sahibləridir. Rəqibin yarımmüdafiə və hücumda yaxşı oyunçuları var. Amma sabah nəticəni birlikdə görəcəyik. Hazırkı heyətimizdə zədəli yoxdur. Bura gələndə də vaxt itkisi yaşamadıq".
Baş məşqçi heyətdə yer alan futbolçular haqqında fikirlərini bölüşüb:
"Bizim futbolçuların böyük hissəsi müxtəlif peşə sahibləridir. Azərbaycan komandasında UEFA Çempionlar Liqasında oynayanlar var. Son dövrlərdə qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir. Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etməyə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq".
Xatırladaq ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupununun Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.