"KuPS"un baş məçqçisi Miika Nuutinen: "Düşünürəm ki, "Sabah"la matçda bəxtimiz gətirdi"

Futbol
  • 21 iyul, 2026
  • 22:18
KuPSun baş məçqçisi Miika Nuutinen: Düşünürəm ki, Sabahla matçda bəxtimiz gətirdi

"KuPS" komandasının "Sabah"la matçda bəxti gətirib.

"Report" xəbər verir ki, bunu Finlandiya təmsilçisinin baş məşqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "Sabah" topla çox yaxşı oynayırdı. Onlar bir neçə qol epizodu əldə etdilər. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün şansımız var. Bir həftə sonra doğma meydanda ən vacib oyunlarımızdan birini keçirəcəyik. Demək olar ki, bu gün bəxtimiz gətirdi. Hesab arasındakı fərqi daha da böyük ola bilərdi".

O, cavab oyunu öncəsi hazırkı nəticənin "KuPS" üçün normal olduğunu bildirib:

"Cavab qarşılaşması üçün 0:1 hesablı məğlubiyyəti normal hesab etmək olar. Meydanda vaxtı "öldürməy"ə çalışmamışıq. Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq. Heyətimizdə yaxşı futbolçular var".

Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.