Kriştianu Ronaldu: "Favorit olmadığımızı bilirik"
- 07 iyun, 2018
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 iyun. REPORT.AZ/ “Favorit olmadığımızı bilirik. Realist olmalıyıq, ancaq futbolda mümkünsüz heç nə yoxdur”.
“Report” goal.com saytına istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2018-ci il dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
İspaniyanın “Real Madrid” klubunun forvardı 2016-cı il Avropa çempionatının qalibi olan Portuqaliya yığmasının yenə də uğura imza atacaq gücdə olduğunu söyləyib: “Qrup mərhələsində İspaniya millisinə qarşı keçirəcəyimiz ilk oyun çətin olacaq. Lakin bu cür futbolçularla qlobal düşünməliyik. Əminəm ki, bütün gücümüzü ortaya qoyacağıq. AVRO-2016-da etdiklərimizi təkrarlayacağıq: Sonacan döyüşmək və ümidi qorumaq”.
Qeyd edək ki, mundialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. B qrupunda yer alan Portuqaliya millisi iyunun 15-də Soçidə İspaniya, iyunun 20-də Moskvada Mərakeş, iyunun 25-də isə Saranskda İran yığması ilə qarşılaşacaq.