İbrahimoviç 280 günlük aradan sonra meydana çıxıb
- 27 fevral, 2023
- 00:23
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb.
“Report” xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” ilə oyununda (2:0) baş verib. İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunu əvəzləyərək meydana çıxıb.
Xatırladaq ki, may ayında İbrahimoviç əməliyyat olunub, bundan sonra reabilitasiya prosesi keçib. 42 yaşlı hücumçu ötən mövsüm “rossonerilər”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Eyni zamanda, İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağırıla bilər.
Qeyd edək ki, “Milan” 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Atalanta”nın isə 41 xalı var, Can Pyero Qasperininin komandası altıncı yerdədir. Növbəti turda “Milan” səfərdə “Fiorentina” ilə oynayacaq, “Atalanta” isə “Udineze”ni qəbul edəcək.