"Hall Siti" Nobel Mendi və Lukas Herrinqtonu heyətinə qatıb

Futbol
  • 13 avqust, 2026
  • 10:36
Hall Siti Nobel Mendi və Lukas Herrinqtonu heyətinə qatıb

İngiltərənin "Hall Siti" klubu seneqallı Nobel Mendi və avstraliyalı Lukas Herrinqtonu transfer edib.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İspaniyanın "Rayo Valyekano" klubundan transfer olunan 21 yaşlı N.Mendinin müqaviləsinin müddəti klubun seçimi ilə daha 1 il uzadıla bilər. Seneqal yığmasının üzvü olan müdafiəçi ötən mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 28 matçda 2 qol vurub. O, karyerası ərzində "Pari" və "Betis" klublarında da çıxış edib.

ABŞ-nin "Kolorado Repids" komandasından gələn 18 yaşlı L.Herrinqton isə "Hall Siti"nin yayda heyətinə qatdığı 9-cu futbolçu olub. Mərkəz müdafiəçisi bu yay keçirilən DÇ-2026-nın Paraqvayla matçında (0:0) meydana çıxmaqla Avstraliya yığmasının dünya çempionatları tarixində start heyətində yer alan ən gənc oyunçusu olub. L.Herrinqton karyerası ərzində "Brisben Roar" və "Kolorado Repids" klublarında çıxış edib. O, Avstraliyanın U-20 yığmasının heyətində 2025-ci ildə Asiya Kubokunun qalibi olub. Müdafiəçi əsas milli komandada 6 matça çıxıb.