"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"
- 08 sentyabr, 2022
- 21:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik. "Qarabağ" güclü komandadır".
"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis "Qarabağ"ın çox güclü futbolçularının olduğunu bildirib: "Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm.
Almaniyalı baş məşqçi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdiyini xatırladıb: "Ona Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim".
Ştrayx Azərbaycana getmək istədiyini növbəti dəfə təkrarlayıb: "Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".
Mütəxəssis qrupda favoritin olmadığını sözlərinə əlavə edib: "Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".