FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib

Futbol
  • 05 iyul, 2026
  • 22:02
FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib

FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 finalının Belçika seçməsi ilə qarşılaşmasında oynamağa icazə verib.

"Report"un xəbərinə görə, bu barədə "The Athletic" məlumat yayıb.

Baloqan Bosniya və Herseqovina yığması ilə 1/16 final matçında (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Hazırkı qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi.

Lakin FİFA İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq, bir oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz edilib.

"Futbolçu bu müddət ərzində oxşar xarakterli və ağırlıqlı qayda pozuntusuna yol verərsə, diskvalifikasiya yeni qayda pozuntusuna görə tətbiq edilən əlavə sanksiyalara xələl gətirmədən həyata keçiriləcək", - açıqlamada bildirilir.