Fərid Namazov: "Qəbələ"yə qarşı oyunun çətin keçəcəyini bilirdik"
- 04 sentyabr, 2026
- 21:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli" üçün Misli Premyer Liqasının IV turunda "Qəbələ"yə qarşı oyun çətin keçib.
"Report" xəbər verir ki, bunu İmişli kollektivinin baş məşqçisi Fərid Namazov sözügedən matçdan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ"nin baş məşqçisi komandadan ayrılmışdı. Adətən yeni məşqçi gəldikdə komanda qeyri-ixtiyarı daha istəkli olur. Eyni zamanda, belə olanda rəqib komandanı təhlil etmək də çətin olur. Gözlədiyimiz kimi, ilk 15 dəqiqə rəqibin təyziqi altında keçdi. Təəssüf ki, rəqib komandaya çox qol imkanları yaratdıq".
O, "Qəbələ"nin qapıçısı Səlahət Ağayevin də qurtarışlarını xüsusi qeyd edib:
"Səlahət həqiqətən çox gözəl oyun nümayiş etdirdi. Bir neçə vəziyyətdə komandasını real qol vəziyyətindən xilas etdi. Sonda azarkeşlərimizə təşəkkür edirik ki, uzaq yoldan gəlib bizə dəstək oldular".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" görüşü ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.