Emin Mahmudovun rekorda gedən yolu – Millinin kapitanı ən çox 2021-ci ildə qol vurub - ARAŞDIRMA

Futbol
  • 10 sentyabr, 2025
  • 11:49
Emin Mahmudovun rekorda gedən yolu – Millinin kapitanı ən çox 2021-ci ildə qol vurub - ARAŞDIRMA

Futbol üzrə Azərbaycan millisinin bombardiri olan Emin Mahmudov yığmadakı ilk qoluna 2018-ci ildə imza atıb. 

"Report"un araşdırmasına görə, hazırda 33 yaşı olan yarımmüdafiəçi həmin vaxt komandanın Riqada Latviyaya qalib gəldiyi (3:1) yoldaşlıq matçında fərqlənib. 

Mahmudov millidəki qollarının əksəriyyətini isə 2021-ci ildə vurub. O, həmin vaxt dünya çempionatının seçmə mərhələsində 4 dəfə rəqib qapılarına yol tapıb. Təcrübəli oyunçu Bakıda və Belqradda Serbiyaya uduzduqları (1:2, 1:3) hər iki görüşdə fərqlənməyə müvəffəq olub. Yarımmüdafiəçi səfərdə Lüksemburqa yenildikləri (1:2) dueldə və Dublində İrlandiya ilə bərabərə (1:1) qaldıqları matçda da adını tabloya yazdırıb.

Bundan əlavə, Mahmudov 2021-ci ildə baş tutan yoxlama oyunlarında da qol vurub. Yığmanın hazırkı kapitanı Alanyada Türkiyəyə uduzduqları (1:2) qarşılaşmada fərqlənibsə, Bakıda Qətərlə heç-heçə etdikləri (2:2) görüşdə dubla imza atıb.

Emin Mahmudov 2022-ci ildə isə millidə bir qolla yadda qalıb. O, Kişineuda Moldovaya qalib gəldikləri (2:1) yoldaşlıq matçında adını tabloya yazdırıb. 

Futbolçu 2023-cü ildə yığmada 4 dəfə rəqiblərin qapısına yol tapıb. Orta xətt oyunçusu Linzdə Avstriyaya məğlub olduqları (1:4) Avropa çempionatının seçmə mərhələ qarşılaşmasında, Bakıda İordaniyanı üstələdikləri (2:1) yoldaşlıq matçında adını tabloya yazdırıb. E.Mahmudov doğma meydanda İsveçi 3 cavabsız qolla yendikləri seçmə mərhələ görüşündə isə dubl müəllifi olub. 

Yarımmüdafiəçi Azərbaycan komandasının sonuncu dəfə qalib gəldiyi görüşü də boş keçirməyib. O, 2024-cü ildə Macarıstanın Sombatxey şəhərində Qazaxıstandan üstün olduqları (3:2) yoxlama görüşündə də fərqlənərək yığmada 14-cü qolunu vurub və bu göstəricidə Azərbaycan millisinin keçmiş hücumçusu Qurban Qurbanova çatıb. 

Nəhayət, kapitan ötən gün Bakıda Ukrayna ilə bərabərə qaldıqları (1:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda penaltidən fərqlənərək tarixə düşüb və komandanın bombardiri olub.

Azərbaycan millisinin bombardirləri

1. Emin Mahmudov – 15 qol

2. Qurban Qurbanov – 14

3. Ramil Şeydayev – 10

4. Vaqif Cavadov – 9

5. Dmitri Nazarov - 8

6-8. Rauf Əliyev - 7

Branimir Subaşiç - 7

Elvin Məmmədov - 7

9-10. Zaur Tağızadə - 6

Mahir Emreli – 6