Elvin Yunuszadə: "200-cü oyuna "Karvan-Yevlax"da çatdığım üçün sevinirəm"
- 11 dekabr, 2025
- 16:08
Elvin Yunuszadə Azərbaycan çempionatlarında 200-cü oyununa "Karvan-Yevlax"ın heyətində çatdığı üçün özünü xoşbəxt sayır.
Bunu "Report"a açıqlamasında müdafiəçi özü bildirib.
O, yubiley oyununa çıxdığını sonradan öyrəndiyini bildirib:
"Doğrusu, bu barədə xəbərim yox idi. "Şamaxı" ilə qarşılaşma başa çatandan sonra öyəndim ki, bu, Azərbaycan çempionatlarında keçirdiyim 200-cü matç olub. Təbii ki, xoşbəxtəm. Çünki ölkə futbolunda müəyyən yerə gəlib çatmışam. Düşünürəm ki, bu rəqəmi 300-ə və ya daha artığına çatdırmaq olar. 200-cü oyuna "Karvan-Yevlax"la çatdığım üçün sevinirəm".
Qeyd edək ki, 33 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. Elvin "Şamaxı" ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub. Yunuszadə 200 oyunda 8 qola imza atıb.
Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin "Neftçi"də 75 (1 qol), "Qarabağ"da 52 (3 qol), "Simurq"da 31 (2 qol), "Səbail"də 23 (2 qol), "Karvan-Yevlax"da 12, "Kəpəz"də 5, "Sabah"da 2 dəfə meydana çıxıb.