Elvin Cəfərquliyev: "Kopenhagen"lə oyunun ən yaxşı futbolçusu seçildiyim üçün qürur duyuram"
- 02 oktyabr, 2025
- 10:38

"Qarabağ"ın üzvü Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" komandası ilə matçın ən yaxşı futbolçusu seçildiyi üçün qürur duyur.
Bunu "Report"a açıqlamasında 24 yaşlı cinah müdafiəçisi deyib.
O, çox xoşbəxt olduğunu söyləyib:
"UEFA Çempionlar Liqasında qarşılaşmanın ən yaxşısı seçilən ilk azərbaycanlı futbolçuyam. Bunun üçün çox qürurluyam. Bütün komanda yoldaşlarıma, məşqçilərimə təşəkkür edirəm. Onların da əziyyəti var".
E.Cəfərquliyev II turda "Kopenhagen"lə görüşün çox çətin keçdiyini söyləyib:
"Belə olacağını bilirdik. Öz azarkeşlərimizin önündə qalibiyyət əldə etdik. Bunun üçün ayrı sevincliyəm. Həm də Azərbaycanda ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində qələbə qazandıq. Bu da tarixdir. Hər kəsi təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.