Ardıcıl altı dünya çempionatında bombardirlər eyni sayda qol vurublar

Futbol
  • 05 iyun, 2026
  • 10:51
Ardıcıl altı dünya çempionatında bombardirlər eyni sayda qol vurublar

Dünya çempionatlarında ardıcıl 6 turnirdə bombardirlər 6 qol vurublar.

"Report" FİFA-ya istinadən xəbər verir ki, 1978-ci ildə Argentinada təşkil olunan yarışdan 1998-ci ildə Fransada keçirilən turnirə qədər ən məhsuldar futbolçular eyni sayda qolla yadda qalıblar.

Məhsuldarlıq seriyasını 1978-ci ildə Argentinanı çempionluğa daşıyan Mario Kempes başladıb, 1982-ci ildə isə Paolo Rossi İtaliya komandası üçün eyni uğuru təkrarlayıb.

İngiltərəli Qari Lineker 1986-cı ildə, italiyalı Salvatore Skillaçi isə 1990-cı ildə 6 qolla ən məhsuldar oyunçular olublar. 1994-cü ildə rusiyalı Oleq Salenko və bolqarıstanlı Xristo Stoiçkov da eyni sayda fərqlənməklə bombardirlik mükafatını bölüşüblər. Xorvatiyalı Davor Şuker 1998-ci ildə digər futbolçuları qabaqlayıb.

Braziliyalı Ronaldo 2002-ci ildə 8 qol vurmaqla bu seriyaya son qoyub.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.