Dieqo Simeone “Atletiko” komandası ilə 500-cü oyununa çıxıb

Futbol
  • 02 oktyabr, 2017
  • 11:01
Dieqo Simeone “Atletiko” komandası ilə 500-cü oyununa çıxıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Hazırda baş məşqçi kimi çalışan Dieqo Simeone İspaniyanın “Atletiko” komandası ilə 500-cü oyununa çıxıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda yer alan Madrid təmsilçisinin La Liqanın VII turu çərçivəsində səfərdə “Leqanes”lə qolsuz bərabərə qaldığı matça təsadüf edib.

Futbolçu karyerası ərzində 172 rəsmi qarşılaşmada “Atletiko”nun formasını geyinmiş Simeone 328 dəfə baş məşqçi qismində meydana çıxıb. Bu isə ümumilikdə 500 oyun deməkdir. Argentinalı mütəxəssisin baş məşqçi olduğu dövrdə Madrid komandası 203 qələbə qazanıb, 55 dəfə uduzub, 70 heç-heçə edib. 

2011-ci ildən “Atletiko”ya rəhbərlik edən Simeone La Liqa, İspaniya Kuboku və Super Kubokun, eləcə də Avropa Liqası ilə UEFA Super Kubokunun qalibi olub. O, həmçinin iki dəfə komandasını ÇL-in finalına çıxarıb.

Qeyd edək ki, Dieqo Simeone ÇL-in qrup mərhələsindəki 32 komandanın baş məşqçiləri arasında hazırkı postunda ən uzun müddət işləyən ikinci mütəxəssisdir. O, yalnız 2008-ci ildən “Qarabağ”ın sükanı araxsında olan Qurban Qurbanovdan geri qalır.

44 - Tezliklə