DÇ-2026: İtaliya - İsrail oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək
- 13 oktyabr, 2025
- 05:17

Oktyabrın 14-də Udine (İtaliya) şəhərində futbol üzrə 2026-cı ilin Dünya Çempionatının seçmə mərhələsi üzrə İtaliya və İsrail arasında keçiriləcək oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
"Report"un məlumatına görə, bu barədə "The Social Post" xəbər yayıb.
Məlumata görə, təhlükəsizliyi kinoloji xidmət, minaxtaranlar və pilotsuz təyyarələr təmin edəcək. Həmçinin tədbirlərə yerli polis və karabiner də cəlb olunacaq.
Matç öncəsi Udine şəhərinin stadionundan kənarda, ətraf ərazilərdə şüşə, keramik və dəmir qablarda qida və içkilərin satışı qadağan olunacaq. Polis bankalar və butulkaların etirazçılar tərəfindən atış məqsədilə istifadə oluna biləcəyindən narahatdır.
Xatırladaq ki, Osloda Norveç və İsrail yığmaları arasında keçirilən oyunda yerli polis Fələstin tərəfdarı olan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və bir neçə nümayişçini saxlayıb.