Dani Kintana: “Əvvələr də “Sportinq” kimi komandaları məğlub etməyi bacarmışıq”
- 24 noyabr, 2018
- 19:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 noyabr. REPORT.AZ/ “Oyun ərzində bir imkan yaxaladılar, ondan da istifadə etdilər. Biz isə əksinə, nə qədər çalışdıqsa, alınmadı. Rəqib yaxşı müdafiə olundu”.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XII turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçədən sonra deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, rəqib bütünlüklə müdafiəyə çəkildiyi üçün çox sayda qol vəziyyəti yaratmamaları normaldır:
“İki-üç epizoddan istifadə edə bilsəydik, qələbə üçün kifayət edəcəydi. Qarşıda Avropa Liqasında “Sportinq”lə matçımız var. Amma bu görüşləri müqayisə etmək düz deyil, fərqli oyun olacaq. Portuqaliya komandası bizim kimi futbol oynayacaq və qol vurmaq üçün boşluqlar tapmaq daha asan olacaq”.
Legioner futbolçu zədədən sonra ilk dəfə 90 dəqiqə meydanda olub. O, buna görə baş məşqçi Qurban Qurbanova təşəkkür edib:
“Bu elə bir prosesdir ki, vaxt tələb edir. Baş məşqçi mənə bu qədər oynamaq imkanı verdiyinə görə sevincliyəm. Ona təşəkkür edirəm. “Sportinq”lə səfərdə olduğu kimi, bizi çətin matç gözləyir. Rəqib səviyyəli komandadır. Amma nəzərə alaq ki, avrokuboklarda ev oyunlarımızda istənilən rəqib üçün çətin komandayıq. Meydana qələbə üçün çıxacağıq. Əvvələr də bu səviyyədə olan komandaları məğlub etməyi bacarmışıq”.
Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.