Braziliyanın gənclərdən ibarət futbol millisi dünya çempionatında ilk dəfə qrupdan çıxa bilməyib

Futbol
  • 05 oktyabr, 2025
  • 10:42
Braziliyanın gənclərdən ibarət futbol millisi dünya çempionatında ilk dəfə qrupdan çıxa bilməyib

Braziliyanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Çilidə keçirilən gənclər arasında dünya çempionatında iştirakını qrup mərhələsində başa vurub və ilk dəfə pley-off mərhələsinə yüksələ bilməyib.

"Report" xəbər verir ki, qrup mərhələsinin son turunda braziliyalılar İspaniya yığmasına 0:1 hesabı ilə uduzublar.

Qrupun digər oyununda Meksika komandası Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Buna baxmayaraq, C qrupunun qalibi 6 xalla Mərakeş millisi olub. Meksika komandası (5 xal) birbaşa pley-offa yüksəlib. 4 xal toplayan ispanlar isə öz qruplarında üçüncü yeri tutan ən yaxşı komandalar sıralaması ilə mübarizəni davam etdirmək şansı qazanıblar.

Braziliya yığması üç oyunda cəmi 1 xal toplaya bilib - yalnız ilk turda meksikalılarla 2:2 hesablı heç-heçə edib.

Beləliklə, Braziliya tarixində ilk dəfə gənclər üzrə dünya çempionatının qrup mərhələsini keçə bilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti