Braziliya millisinin sabiq futbolçusu "Fluminense" ilə müqaviləsini ləğv edib
- 18 dekabr, 2025
- 13:12
Braziliya millisinin sabiq futbolçusu Tyaqo Silva "Fluminense" ilə müqaviləsini ləğv edib.
"Report" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Avropada "Milan" (İtaliya), PSJ (Fransa) və "Çelsi"nin (İngiltərə) formasını geyinmiş müdafiəçi yetirməsi olduğu "Fluminense"yə 2024-cü ilin mayında qayıtmışdı.
"Globo"nun məlumatına görə, müdafiəçinin klubdan ayrılmasının əsas səbəbi ailə vəziyyəti olub. Onun uşaqları və həyat yoldaşı Londonda yaşayır. Futbolçunun hər iki oğlu sabiq klubu "Çelsi"nin akademiyasındadır. Böyük oğlu İsaqo isə dekabrda London təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.
41 yaşlı Silvanın karyerasını bitirməyi planlaşdırmadığı, sadəcə, Londonda və ya yaxın bölgələrdə yeni klub tapmaq niyyətində olduğu bildirilib.
Qeyd edək ki, T.Silva ötən mövsüm "Fluminense"nin heyətində 46 matç keçirib və 4 qol vurub.