"Bavariya" futbolçusu ilə yeni müqavilə barədə danışıqları dayandırıb
- 12 dekabr, 2025
- 16:12
Almaniya təmsilçisi "Bavariya" müdafiəçisi Dayo Upamekano ilə müqavilə müddətinin uzadılması barədə danışıqları dayandırıb.
"Report" "Kicker"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bonuslar da daxil olmaqla illik 16 milyon avro məvacib tələb edir.
O, həmçinin sözləşməsinə müəyyən təkliflər gəldiyi halda klubdan ayrılmasına imkan verəcək sərbəstqalma bəndinin əlavə olunmasını istəyir. Münhen təmsilçisinin nümayəndələri bu tələblərin müzakirəyə açıq olmadığını bəyan ediblər.
Upamekanonun "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Fransalı futbolçu 2021-ci ilin iyulundan Bundesliqa kollektivinin formasını geyinir. O, cari mövsüm bütün yarışlarda 20 oyunda iştirak edib və 1 qol vurub.
Qeyd edək ki, "Transfermarkt" portalı D.Upamekanonun bazar dəyərini 60 milyon avro dəyərləndirir.