Azərbaycanlı futbolçu "Ararat-Armenia" ilə oyunlar üçün sifariş olunub
- 08 iyul, 2023
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniyanın "Eqnatiya" klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın "Ararat-Armenia" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Bu barədə "Report"a 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:
"Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, "Ararat-Armenia"ya qarşı oynamaq şansı qazanım".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat-Armenia"ya qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.