Azərbaycan yığması Qazaxıstanla heç-heçə edib
- 11 yanvar, 2017
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığması bu gün FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası olub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib. Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın heyətində 45-ci dəqiqədə Rafael Məhərrəmli, 82-ci dəqiqədə isə Fərid Nəbiyev fərqlənib. Rəqib komandanın qollarını isə 18-ci dəqiqədə penaltidən Dinmuxammed Kaşken və 53-cü dəqiqədə Yerkebulan Seyidaxmet vurub. Azərbaycan millisinin heyətində ən yaxşı futbolçu adına Fərid Nəbiyev layiq görülüb.
Bu nəticədən sonra Azərbaycan yığması C qrupunda 1 xalla sonuncu pillədə qalıb. Qazaxıstan isə hələlik 2 xalla 2-ci pillədədir.
İlk oyunda Litvaya 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisi yanvarın 13-də Slovakiyaya qalib gələ bilməsə, medallar uğrunda mübarizə şanslarını itirəcək.
Valentin Qranatkin turniri, qrup mərhələsi, II tur
C qrupu
11 yanvar
13:00. Azərbaycan - Qazaxıstan - 2:2
Qol: Rafael Məhərrəmli, 45. Fərid Nəbiyev, 82 - Dinmuxamed Kaşken, 18. Seyidahmet Yerkebulan, 53
Baş hakim: Vasiliy Tixonov
Yan xətt hakimləri: Andrey Runov, Sergey Yadrov
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi
Qeyd edək ki, 4 qrupda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. Sonrakı 2 pillənin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar.