Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçiriləcək - AFİŞA

Futbol
  • 27 aprel, 2019
  • 03:54
Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçiriləcək - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

"Report”un məlumatına görə, turun bütün görüşləri eyni gündə keçiriləcək. Əvvəlcə debütant "Sabah" "Keşlə"ni qəbul edəcək. "Əlincə Arena"da təşkil olunacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda "Sabah" 26 xalla 5-ci, "Keşlə" isə 19 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. "Sabah" və "Keşlə" komandaları indiyə qədər 3 dəfə qarşılaşıblar. Bütün oyunlar cari mövsümdə baş tutub, onlardan 1-də qalib gələn meydan sahibləri, 2 dueldən məğlub ayrılıb.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq növbəti qarşılaşmada "Zirə" qızıl medallar uğrunda mübarizə aparan "Qarabağ"ı qəbul edəcək. "Zirə" və "Qarabağ" indiyədək 15 dəfə üz-üzə gəliblər. Bunların heç birində "qartallar" qələbə qazana bilməyib, "Qarabağ" isə 11 dəfə qələbəyə sevinib. "Köhlən atlar" rəqibinə qarşı son üç səfər matçından da qalib ayrılmağı bacarıb. Oyunu Səbuhi Bayramov idarə edəcək.

Daha bir matçda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni sınağa çəkəcək. “Səbail” 4 oyundur qələbə qazanmır. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 38 xalla 3-cü pillədə qərarlaşıb. "Qəbələ" isə 36 xalla 4-cüdür. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə, 3-cü pilləyə yüksələ bilər. Şəxsi oyunlara gəlincə, tərəflər 7 dəfə üz-üzə gəliblər. Bunların 1-də "Səbail", 4-də əyalət təmsilçisi qalib gəlibsə, daha 1 matç heç-heçə yekunlaşıb. Topların nisbətində də "Qəbələ" öndədir - 13:6. Cari mövsümdə komandalar 3 dəfə qarşılaşıb. 2 görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb. 1 görüşdə isə qapılara qol vurulmayıb. Turun mərkəzi görüşü FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Turun son matçında "Sumqayıt" "Neftçi"nin qonağı olacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Kamal Umudlu idarə edəcək. Çempionluq üçün mübarizə aparan flaqman 25 turdan sonra 55 xalla ikincidir və liderdən 2 xal geri qalır. Komandalar indiyədək 27 dəfə qarşılaşıblar. Bunların 14-də paytaxt, 9-da "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, 4 matçda heç-heçə qeydə alınıb. “Sumqayıt” 4 oyundur qələbə qazana bilmir. “Neftçi”nin meydanındakı son iki matçda heç-heçə qeydə alınıb.Topların nisbətində də "ağ-qaralar" öndədir - 43:31.

Azərbaycan Premyer Liqası, XXVI tur

27 aprel (şənbə)

16:30. "Zirə” – "Qarabağ”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu,

İlk üç dövrə - 2:3, 0:6, 0:0

17:00. "Sabah” – "Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Əlincə Arena”

İlk üç dövrə - 1:0, 1:2, 0:3

17:30. "Səbail” – "Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena

İlk üç dövrə - 0:3, 0:0, 1:2

19:00. "Neftçi” – "Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”, 

İlk üç dövrə - 2:0, 0:0, 2:1