Azərbaycan Premyer Liqasında mövsümün 100-cü oyunu keçiriləcək
- 19 aprel, 2019
- 03:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda 33 xalla 4-cü pillədə yer alan "qırmızı-qaralar" bürünc medal iddialarını davam etdirmək üçün mütləq qələbə qazanmalıdırlar. 25 xalla 6-cı yerdə gedən "Zirə" isə qalib gəlsə, bir pillə irəliləyəcək.
İki komanda indiyədək 15 dəfə qarşılaşıb. Bunların hərəyə 4-də tərəflər bərabər sayda qələbə qazana biliblər. Daha 7 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qəbələ" öndədir - 16:13. Lakin "Zirə" 4 oyundur uduzmur. Son iki matçda isə heç-heçə qeydə alınıb.
Premyer Liqada cari mövsümün 100-cü qarşılaşması isə "Əlincə Arena"da "Sabah" və "Neftçi" komandaları arasında olacaq. Hazırda 52 xala malik flaqman 2-ci, 26 xalı olan debütant isə 5-ci pillədədir. "Ağ-qaralar" lider "Qarabağ"la xal fərqini 2-yə endirmək və çempionluq şanslarını azaltmamaq üçün mütləq qələbə qazanmalıdır. "Göy-ağlar"a isə qələbə ən azı mövqeyini əldən verməməsi üçün lazımdır.
Komandalar dördüncü dəfə üz-üzə gələcəklər. Premyer Liqada bu mövsümdən çıxış edən "Sabah" "Neftçi"yə əvvəlki hər 3 görüşdə uduzub. Topların nisbəti isə 7:1 flaqmanın xeyrinədir. "Sabah"ın II dövrəyə təsadüf etmiş ev oyununda hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası, XXV tur
19 aprel (cümə)
16:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 0:1, 0:0, 1:1
18:30. “Sabah” – “Neftçi”
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”
İlk 3 dövrədəki oyunlar: 0:2, 1:2, 0:3.
Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" səfərdə "Sumqayıt"a 2:1, "Qarabağ" isə evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.