Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Futbol
  • 11 sentyabr, 2022
  • 04:29
Azərbaycan Premyer Liqası: Sumqayıt Şamaxı ilə, Qarabağ Sabahla görüşəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında "Sumqayıt" və "Şamaxı" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcəklər. Saat 18:00-da başlanacaq oyunu baş hakim Fərid Hacıyev idarə edəcək.

İlk 5 turdan sonra qələbə qazana bilməyən komandalardan "Sumqayıt" 2 xalla 8-ci, "Şamaxı" 1 xalla 9-cu sırada yer alıb.

İki klub bu gün 40-cı dəfə qarşılaşacaq. Əvvəlki matçların 11-də "Sumqayıt", 17-də "Şamaxı" qalib gəlibsə, daha 11 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Şamaxı" öndədir - 55:41.

“Sumqayıt” "Şamaxı" ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 matçda 2 və ya daha çox qol qeydə alınıb.

Turun son matçı isə "Azersun Arena"da "Qarabağ" və "Sabah" komandaları arasında olacaq. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma saat 20:30-da başlanacaq.

Hazırda "Sabah" 5 oyundan 13 xalla 2-ci, "Qarabağ" isə 4 görüşdən 12 xalla 3-cü pillədə qərarlaşıb. İndiyədək bu komandalar 15 dəfə üz-üzə gəliblər. Bunların 11-də "Qarabağ" qələbə qazanıbsa, 4 görüş heç-heçə ilə tamamlanıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli öndədir - 29:6.

“Qarabağ” son 8 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Sabah” isə indiyədək rəqibinə qalib gəlməyib.

Azərbaycan Premyer Liqası, VI tur

11 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”

20:30. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.