Azərbaycan paralimpiyaçısı: "Aktaudakı turnir bizə motivasiya və təcrübə qazandırdı"
- 31 oktyabr, 2025
- 17:41
 
                            
                            
                        Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnir Azərbaycanın boccia üzrə paralimpiyaçılardan ibarət komandasına böyük təcrübə və motivasiya qazandırıb.
Bu barədə "Report"a millinin üzvü Sona Ağayeva açıqlama verib.
O, yarışla bağlı fikirlərini bölüşüb:
"Turnir çox yaxşı keçdi. Həm təşkilatçılıq baxımından, həm də oyunçulara olan münasibət çox gözəl idi. Hiss olunurdu ki, hər kəs bu idmanı sevir və boccia ailəsi getdikcə böyüyür. Bu, bizim komanda olaraq ikinci beynəlxalq yarışımız idi, bir-birimizə inanırdıq. Nəticələr də bu inamın göstəricisi oldu. Məncə, bu yarış bizə təkcə medallar yox, həm də böyük təcrübə və motivasiya qazandırdır. Bu uğurlar təkcə bizim deyil. Yanımızda olan məşqçi heyətimizə xüsusi təşəkkürümü bildirirəm. Onların səbrinə, dəstəyinə, bəzən bir baxışla bizə "bacararsan" dediyi o gücə görə minnətdaram. Onlar olmasa, bu nəticələr də əldə olunmazdı".
Sona Ağayeva qarşıdakı hədəflərdən də söz açıb:
"İndi baxışlarımızı gələcəyə yönəltmişik. Əminəm ki, həm fərdi, həm də komanda şəklində sözümüzü deyəcəyik. Tək hədəfimiz 2028-ci ildə keçiriləcək paralimpiadada ölkəmizi layiqincə təmsil etməkdir. Həm özümə, həm də bütün komanda yoldaşlarıma uğurlar arzulayıram. Hər yarış yeni bir addımdır və biz bu addımları inamla atırıq".
Qeyd edək ki, Aktauda keçirilən yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıblar. Bundan əlavə, qoşa yarışlarda Zaur Veysəlov və Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl mükafata sahib çıxıblar.