Azərbaycan millisinin sabiq kapitanı: "Bəzi klublar I dövrədə özlərini doğrulda bilmədilər"
- 21 noyabr, 2025
- 16:51
Bəzi klublar I dövrədə özlərini doğrulda bilmədilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədov Misli Premyer Liqasının arxada qalan I dövrəsini dəyərləndirərkən deyib.
O, hələ də "Qarabağ" komandasına layiqli rəqibin olmadığını vurğulayıb:
"Ötən il uğursuz çıxış edən bəzi klubların cari mövsümün ilk dövrəsində səhvlərini düzəldəcəyini fikirləşirdim. Düşünürdüm ki, daha yaxşı komanda formalaşdırar, futbolçu transferi zamanı yanılmazlar. Lakin təəssüf ki, bəzi gözləntilər özlərini doğrultmadı. Yenə hər zaman olduğu kimi görürük ki, "Qarabağ" vahid liderdir. Hələ də Ağdam kollektivinə layiqli rəqib görünmür. Düzdür, "Qarabağ" hazırda bütün fikrini Çempionlar Liqasının əsas mərhələsinə yönəldib. Lakin digər klublarımız bundan istifadə edə bilmirlər. "Qarabağ" elə gücdədir ki, istədiyi vaxt, istədiyi komandanı məğlub edə bilər. Mövsümün gedişində "Qarabağ" hansısa matçda xal itirə bilər, lakin bu heç nəyi dəyişməyəcək. Bu komanda çempionluğa yeganə namizəddir".
Mütəxəssis bildirib ki, hazırda turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalardan qarşıdakı turlarda böyük sürprizlər gözləmək olmaz:
"Cəlb olunan hər bir legionerin ümidləri doğrultduğunu deyə bilmərik. Qeyd etmək istəyirəm ki, "Qəbələ", "Karvan-Yevlax" və "Kəpəz" kimi klublar "yaşamaq" uğrunda mübarizə aparırlar. Premyer Liqadan düşmək istəmirlər. Bu 3 komanda üçün ən böyük uğur o olardı ki, mövsümün sonunda turnir cədvəlini orta sıralarda bitirsinlər".
"Neftçi" və "Kəpəz" klublarının sabiq baş məşqçisi "İmişli"ni sürpriz komanda kimi dəyərləndirib:
"Məni təəccübləndirən komanda əsasən "İmişli" oldu. Mövsümün əvvəlində hər kəs düşünürdü i, elitada qalmaq uğrunda mübarizə aparacaqlar. Amma görünən odur ki, bu komanda aqressiv çıxış edir və qələbə qazanmaq arzusu böyükdür. Baxımlı futbol sərgilədiyini deyə bilərəm. Əks-hücumlara sürətlə çıxır, nəticə qazanmağa çalışır. Komandanın turnir cədvəlində orta sıralarda qərarlaşması onların haqqı idi".
T.Əhmədov bir çox klubların gözləntiləri doğrultmadığını söyləyib:
"Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" və "Sabah"dan daha çox şey gözləyirdim. Düşünürdüm ki, bu kollektivlər güclərinə daha çox güc qatacaqlar və aqressiv futbol nümayiş etdirəcəklər. Daha istəkli, daha baxımlı oyuna ümid edirdim. "Araz-Naxçıvan"ın Patrik Andrade, Qara Qarayev, Felipe Santosun timaslında daha yaxşı nəticələr əldə edəcəyini gözləyirdim. Lakin nəticələr o dərəcədə də ürəkaçan deyil. "Turan Tovuz" ötənmövsümkü ənənəsinə sadiq qalır. Bu komanda standart vəziyyətlərə üstünlük verməyi xoşlayır. Lakin ümumilikdə bu komandada yaradıcılıq fonu görmürəm. "Zirə" və "İmişli"ni fərqləndirmək istəyirəm. Adını çəkdiyim kollektivlər sabit oyun nümayiş etdirə bilirlər. Lakin doğrusu, oyunlara rəng qatan mübarizələri görə bilmirik. "Turan Tovuz" və "Qarabağ" arasında oyunu yadıma sala bilərəm. İlk hissədə tovuzlular rəqibinə oynamağa imkan vermirdilər. Həmin qarşılaşmanın ilk yarısı çox maraqlı keçdi. Orda da ikinci hissədə "Qarabağ" öz istəyinə çatdı".
54 yaşlı futbol funksioneri "Neftçi"nin hələ də istədiyi futbolu sərgiləmədiyini xatırladıb:
"Neftçi"də Samir Abasov heyəti özü formalaşdırıb. Vinsent Abubakar kimi böyük təcrübəsi olan futbolçunu heyətə cəlb etdilər. Lakin "Qarabağ"la matçda gördük ki, o da tam olaraq istəniləni verə bilmir. "Neftçi" tələb olunan futbolu sərgiləyə bilmir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalardan xal ala bilərlər. Lakin əsas rəqiblərini büdrətməkdə çətinlik çəkirlər. Təəssüf ki, komanda arxada qalan I dövrədə tam olaraq formalaşa bilməyib. Müdafiədə boşluqlar verirlər".
Əhmədov sonda I dövrəni klublarımız üçün qənaətbəxş hesab edib:
"I dövrəni klublar üçün qənatbəxş hesab etmək olar. Sadəcə, istənilən futbolu oynamamaları sual doğurur. Çünki legioner limiti də ləğv olunub, istədiyin futbolçuları meydana buraxa bilərəsn. Lakin görürsən ki, qarşılığındakı nəticələr o deyil. Hələ də sürətli, aqressiv, baxımlı çempionata şahidlik edə bilmirik".