Azərbaycan millisinin sabiq futbolçusu: "Fransaya qarşı açıq futbol oynasaydıq, böyük hesabla uduzardıq"
- 11 oktyabr, 2025
- 14:27

Azərbaycan millisi Fransa ilə matçda açıq futbola üstünlük versəydi, böyükhesablı məğlubiyyət qaçılmaz olardı.
Bunu "Report"a açıqlamasında millinin sabiq futbolçusu Ceyhun Sultanov DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirilən oyunla bağlı danışarkən deyib.
Sabiq yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovun düzgün seçim etdiyini vurğulayıb:
"Baş məşqçi oyun planını düzgün hazırlamışdı. Futbolçular çox yaxşı müdafiə olunurdular. Nəzərə alınmalıdır ki, rəqib Fransadır. 0:3 hesablı məğlubiyyətə baxmayaraq, komanda "dağılmadı". Rəqibin ustalıq səviyyəsi göz qabağında idi. Daha əvvəl söyləmişdim ki, müdafiə etibarlı olsa, 3 top buraxarıq. Əsas odur ki, meydanda əzmkar milli gördük".
C.Sultanov Ukraynaya qarşı görüşdə də eyni taktika ilə oynamağın vacibliyindən danışıb:
"Düşünürəm ki, Ayxan Abbasov eyni seçimdən istifadə edəcək. Çünki güclü rəqiblərə qarşı bunu etmək məcburiyyətindəsən. Müdafiəni yaxşı qurub, əks-hücumlara bel bağlamalısan. Etiraf etmək lazımdır ki, Ukrayna yığmasının heyətində çox yaxşı futbolçular var".
Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Milli növbəti görüşünü oktyarın 13-də Ukraynana qarşı keçirəcək.