Azərbaycan millisinin futbolçuları üçün danışılmış oyunlara qarşı sessiya keçirilib

Futbol
  • 03 oktyabr, 2025
  • 16:06
Azərbaycan millisinin futbolçuları üçün danışılmış oyunlara qarşı sessiya keçirilib

AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təlim Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutub.

Sessiyanın əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. U-17-nin üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoçarxlar nümayiş etdirilib.

Təlim çərçivəsində həmçinin bir sıra mövzular izah olunub. Bunlar mərc fəaliyyəti və qanunsuz əməllərin riskləri, sanksiyalar və onların tətbiq mexanizmi, danışılmış oyunlarla bağlı AFFA İntizam Məcəlləsinə 2025/2026 mövsümü üçün edilmiş dəyişikliklərin mahiyyətidir. Sessiyanın sonunda futbolçular mövzu ilə bağlı suallar verib, təlimçi tərəfindən cavablandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti