Azərbaycan millisinin baş məşqçisi: "Cəbəllütariq üzərində qələbə məni sevindirir"

Futbol
  • 19 noyabr, 2025
  • 16:45
Azərbaycan millisinin baş məşqçisi: Cəbəllütariq üzərində qələbə məni sevindirir

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Eyubov komandanın Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqə qarşı göstərdiyi oyundan razı qalıb.

"Report" xəbər verir ki, bu barədə mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, qarşılaşmanın maraqlı keçdiyini vurğulayıb:

"Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi".

Rəşad Eyyubov qələbə qoluna imza atan Murad Məmmədovun performansına təəccüblənmədiyini söyləyib:

"Murad Məmmədovun matçın "açar" oyunçularından biri olacağını bilirdim. Çünki o, "aşağı bloklar"a qarşı oyun üçün əla keyfiyyətlərə malikdir. Ümid edirəm ki, bu qol Murada daha da özünəinam verəcək. Bu nəticənin futbolçuların inkişafı üçün müsbət impuls olacağına inanıram".

O, əsas millinin rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb:

"Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi".

R.Eyyubov əsas millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub:

"Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Cəəbəllütariqlə səfər matçında 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti