Ayxan Abbasov: "Oyunçular "Qarabağ”dan qorxurlar, ancaq bu, təkcə bizə aid deyil" - MÜSAHİBƏ
- 05 mart, 2017
- 18:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Neftçi”yə qalib gələn (2:1) "Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Report" xəbər verir ki, A. Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:
- Belə gərgin oyundan sonra danışmaq çətindir. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də biz yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan qələbə qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram.
- Demək olar ki, "Zirə” böyük ölçüdə 4-cü yeri təmin edib?
- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldur, dəqiq heç nə demək olmaz.
- Millinin oyunlarıyla bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiniz?
- Beş futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə "Kəpəz”ə qarşı olacaq. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdır. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.
- Nurlan Novruzovla Murad Səttarlının "18”-likdə olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə komandadakı rəqabətlə bağlıdır. Komandada güclü rəqabət var. Buna görə, kiminsə kənarda qalması normaldır.
- "Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir ki?
- Düzdür, "Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdür. Ancaq biz öz işimizi görürük. Sonu necə olacaq, onu mövsümün sonunda biləcəyik.
- Bir qədər aqressiv görünürdünüz.
- Komandanın oyunundan razı qalsam da, oyun zamanı bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həmişə haqlıdır. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onlar guya "Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. "Qarabağ”a oyun verənə də Allah lənət eləsin. Artıq bu mövzunu bağlayaq. Pisdir "Zirə” kimi komandanın olması? Onsuz da komanda azdır. Sponsorlar "Zirə”ni atsa, sevinəcəklər?
- Düşünmürsünüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə "Zirə” "Qarabağ”ı məğlub etməlidir?
- Bu, futboldur. Düzdür, oyunçular "Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.
- Başqa oyunlarda da bu cür atmacalar olur?
- Belə olmurdu. Bu cür sözlərlə birinci dəfədir rastlaşıram.
- Oyunçuların "Qarabağ”dan qorxduğunu dediniz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, onda necə olacaq?
- "Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandır. Biz "Qarabağ”, "Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdur. Dostluq, qardaşlıq başqa şeydir. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdur.
- Kamal Bayramovun oyunu belə deməyə əsas verir ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?
- Anar qırmızı vərəqəylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidir. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.