Ayxan Abbasov: "Fransa millisinə qarşı yaxşı mübarizə aparacağımıza inanıram"
- 15 noyabr, 2025
- 19:40
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransa millisinə qarşı keçirəcəkləri matçda yaxşı mübarizə aparacaqlarına inanır.
"Report" xəbər verir ki, mütəxəssis bunu oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, heyətdə dəyişikliklər ola biləcəyini vurğulayıb:
"Evdə son oyunumuzu keçirəcəyik. Fransa yığması qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə komandamız bu rəqibə qarşı 70 dəqiqə yaxşı oynamışdı. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram. Bilirik ki, rəqibimiz qrupdan çıxıb. Buna baxmayaraq, futbolçular özlərini göstərməyə çalışacaqlar, sonadək mübarizə aparacaqlar. Belə böyük oyunlar futbolçularımız üçün gələcəkdə şanslar yarada bilər".
Baş məşqçi zədəli futbolçular səbəbindən çətinliklə üzləşdiklərini deyib:
"Sol cinah müdafiəçilərinin zədələnməsi bizi çətin duruma saldı. Amma gənc futbolçularımız Rüfətlə Xəyal öncəki matçlarda verilən şanslardan sonra özlərini yaxşı tərəfdən göstərmişdilər. Gəncləri milliyə görüntü üçün çağırmırıq, onlara güvənirik. Dəyişiklik ola bilər. Buna axşam qərar verəcəyik".
A.Abbasov Fransa ilə matçda qapıda Şahruddini Məhəmmədəliyevin dayanacağını söyləyib:
"Əsas qapıçımız Şahruddindir. Onun cəzalı duruma düşməsi bizim üçün itki idi. Amma Aydın Bayramov da işinin öhdəsindən gəlməyə çalışdı. Sabah əsas heyətdə Şahruddini görəcəyik".
O, zədə səbəbindən millidən kənarda qalan Toral Bayramovun durumu haqqında da danışıb:
"Toralın əzələsində birinci dərəcəli dartılma var. Bir neçə gün oynamamalıdır".
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.