Ayxan Abbasov: "Fransa millisinə qol vurmaq da çətindir"
- 16 noyabr, 2025
- 23:42
Futbol üzrə Fransa millisinə qol vurmaq da çətindir.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına uduzduqları matçla (1:3) bağlı fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox arzulayırdıq. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi".
Baş məşqçinin sözlərinə görə, Şahruddin Məhəmmədəliyevin zədələnməsi də qarşılaşmaya təsir edib:
"O, üçüncü qol zamanı sonadək dayanmaq istəyirdi. Lakin kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz də çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Seçmə mərhələ bitdi. İrəliyə baxacağıq".
Ayxan Abbasov seçmə mərhələni də dəyərləndirib:
"Çətin qrupda yer aldığımızı bilirdik. Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər komandaya qarşı mübarizə aparmaq olar. Futbol da çox sürətlə inkişaf edir. İstəkli olmasan, düzgün oynamasan, təsir edəcək. 4 matçda taktiki baxımından oyunçularda irəliləyiş var. Futbolçulara inam da gəlib".