Avrokubokların qrup mərhələlərində komanda sayı artırıla bilər
- 30 mart, 2022
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Avrokubokların qrup mərhələlərində komandaların sayı 32-dən 36-ya qaldırıla bilər.
"Report"un məlumatına görə, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) Avstriyanın paytaxtı Vyanada keçirilmiş XXIX Assambleyasında iştirak edən komitə üzvü, "Qarabağ"ın baş meneceri Asif Əsgərov mətbuat xidmətinə açıqlamasında bildirib.
O bildirib ki, toplantıda 2024 - 2027-ci illərdə UEFA-nın klub turniri yarışlarının qrup mərhələsinin fərqli sistemdə, yəni, indiki kimi, 4 komandalı qrupların deyil, İsveçrə sistemi ilə keçirilməsi müzakirə olunub: "Məsələn, bir komanda digər komanda ilə ev-səfər prinsipi ilə oynamayacaq. Bizim kimi ölkələr üçün vacib olan məqam budur ki, turnirlərdə klub sayını artırmaq istəyirlər. Hazırda hər turnirdə 32 komanda mübarizə aparır, bu sayın isə 36-ya yüksəldilməsi müzakirə edilir".
Əsgərovun fikrincə, müzakirələr yeni başladığı üçün sual doğuracaq məqamlar çoxdur: "Növbəti iclaslarda bu, daha detallı olacaq”.
Toplantıda, eyni zamanda, UEFA-nın yeni turniri – Konfrans Liqası barədə müzakirələr gedib. "Qarabağ" rəsmisinin sözlərinə görə, bu turnir gözlənildiyindən daha effektli alınıb: "Şübhələr var idi ki, yarış gözləntiləri doğrultmayacaq. Ancaq Konfrans Liqasının göstəriciləri Avropa Liqasından aşağı olmadı. Bu baxımdan sevindirici məqamdır ki, UEFA Avropa Konfrans Liqası özünü doğrultdu və yerini tutdu".
ECA-nın iclasları ildə iki dəfə keçirilir. Budəfəki toplantıda qitələrin ali futbol qurumlarının rəhbərləri, FIFA-nın vitse-prezidenti və klub nümayəndələri iştirak edib, UEFA-nın prezidenti Aleksandr Çeferin və ECA-nın rəhbəri Nasser Əl-Xələfinin çıxışları olub. Növbəti Assambleyanın sentyabrda təşkili nəzərdə tutulub.