AVRO-2024: İngiltərə və İsveçrə komandaları indiyə qədər böyük turnirlərdə üç dəfə üz-üzə gəlib

Futbol
  • 06 iyul, 2024
  • 08:15
AVRO-2024: İngiltərə və İsveçrə komandaları indiyə qədər böyük turnirlərdə üç dəfə üz-üzə gəlib

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında bu gün qarşılaşacaq İngiltərə və İsveçrə milliləri böyük yarışların (Avropa və dünya çempionatlarının) final mərhələlərində indiyə qədər üç dəfə üz-üzə gəliblər.

"Report" xəbər verir ki, komandaların final mərhələlərində ilk qarşılaşması 1954-cü ildə keçirilən dünya çempionatına təsadüf edib.

DÇ-1954-də 4-cü qrupda yer alan komandaların görüşündə İngiltərə yığması 2:0 hesablı qələbəyə sevinib. 1996-cı ildə keçirilən Avropa çempionatının final mərhələsində isə rəqiblər meydandan 1:1 hesablı bərabərliklə ayrılıblar. Komandaların final mərhələlərindəki son qarşılaşmaları AVRO-2004-də olub. Həmin vaxt İngiltərə yığması rəqibini məğlubiyyətə uğradıb - 3:0.

Ümumiyyətlə, İngiltərə millisi İsveçrəyə qarşı keçirdiyi son 24 matçda cəmi 1 dəfə məğlub olub. İsveçrə yığması bu rəqibi üzərində sonuncu dəfə 1981-ci ilin mayında, dünya çempionatının seçmə mərhələsində keçirilən oyunda qələbə qazanıb - 2:1.

Günün nəticəsi səbirsizliklə gözlənilən digər görüşündə Türkiyə yığması Niderlandla üz-üzə gələcək. Bu, komandaların böyük yarışların final mərhələlərində ilk görüşü olacaq. Tərəflər arasında baş tutan son iki matçda (Avropa çempionatının seçmə mərhələsi) 13 qol vurulub. 2021-ci ilin martında Türkiyə (4:2), sentyabrında isə Niderland (6:1) qələbə qazanıb.

Qeyd edək ki, İngiltərə - İsveçrə qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da, Niderland - Türkiyə görüşü isə 23:00-da başlayacaq.

44 filmi