Arif Əsədov: "Santuşun göndərilməsi və yığmanın Abbasova tapşırılması ab-havanı dəyişdi"
- 10 sentyabr, 2025
- 16:34

Fernandu Santuşun Azərbaycan millisindən göndərilməsi və komandanın Ayxan Abbasova həvalə edilməsi ab-havanı dəyişib.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, futbolçularda xüsusilə psixoloji durumun qaydaya düşdüyünü vurğulayıb:
"İslandiyadakı məğlubiyyətdən sonra komandada xüsusilə psixoloji durum heç də yaxşı deyildi. Yığmanı bu vəziyyətdən çıxarmaq vacib idi. Düşünürəm ki, AFFA tərəfindən atılan ilk addım - Fernandu Santuşun yola salınması və komandanın Ayxan Abbasova həvalə edilməsi ab-avanı dəyişdi. Futbolçularda ruh yüksəkliyi yarandı. Biz bunu oyunda da gördük".
Mütəxəssis komandada müsbətə doğru işlər görülməli olduğunu söyləyib:
"Düzdür, keyfiyyət baxımından hələ də komandada müsbətə doğru işlər görülməlidir. Amma qeyd etməliyəm ki, futbolçular intizamlı oyun göstərdilər. Xüsusilə də müdafiə fazasında struktur görünürdü. Bununla yanaşı, daha istəkli və əzmkar bir kollektiv gördük. Məhz bunun sayəsində də 1 xal qazandılar. Burada yaxşı oyundan daha çox nəticə önəmli idi ki, futbolçuların özünəinamı qayıtsın. İstədiklərinə nail oldular. Komandamızı təbrik edirəm, vacib 1 xal idi. Bu, növbəti oyunlar ərəfəsində futbolçularda yüksək əhval-ruhiyyə yaradacaq".
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi ilk oyunda İslandiyaya səfərdə 0:5 hesabı ilə məğlub olan yığma ikinci görüşdə Bakıda Ukrayna ilə heç-heçə edib - 1:1.