Arif Əsədov: “Qarabağ”ın durumunu nəzərə alsaq, “Neftçi” qələbə qazana bilər” - MÜSAHİBƏ

Futbol
  • 25 fevral, 2023
  • 09:02
Arif Əsədov: “Qarabağ”ın durumunu nəzərə alsaq, “Neftçi” qələbə qazana bilər” - MÜSAHİBƏ

Fevralın 27-də əzəli rəqiblər “Qarabağ”la “Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda üz-üzə gələcəklər.

Bu komandalar Azərbaycan çempionatları tarixində 90-cı dəfə qarşılaşacaqlar.

Azərbaycan millisinin məşqçisi Arif Əsədov futbolçu karyerası ərzində hər iki klubun formasını geyinib, hətta “Neftçi”yə baş məşqçi kimi çempionluq qazandırıb.

53 yaşlı mütəxəssis “Report”a müsahibəsində həm qarşıdakı matçla bağlı düşüncələrini bölüşüb, həm “Qarabağ”ın avrokuboklardakı çıxışını dəyərləndirib, həm də yığmanın AVRO-2024-də keçirəcəyi matçlara münasibət bildirib.

- “Qarabağ” və “Neftçi” Premyer Liqanın XXIV turunda “Azersun Arena”da qarşılaşacaqlar. Bu görüşdən nə gözləyirsiniz?
- Bu komandaların duelində həmişə ajiotaj olur. Çünki derbi və 6 xallıq oyun kimi baxılır. Amma bu dəfə matçın həmin ab-havada keçəcəyini düşünmürəm. Məsələ burasındadır ki, aralarında xal fərqi çoxdur. “Neftçi”nin rəqibi ilə birinci yer uğrunda mübarizə aparması real görünmür. “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”ə məğlub olması komandada psixoloji gərginliyə, enişə yol aça bilər. “Neftçi” isə son dörd oyunun üçündə qalib gəlib. Son turlar uğurlu nəticələr qazansalar da, hələ də tam “Neftçi”yə layiq oyun göstərdiklərini deməzdim. Buna 6 xallıq matç demək olmaz. Adi çempionat görüşüdür. İstənilən halda bu komandaların qarşılaşması zamanı gərginlik olur. “Qarabağ”ın futbolçularında müəyyən yorğunluq var. Üstəlik, yeni transferlər hələ formada deyillər. Ancaq “Qarabağ” güclü ehtiyat qüvvəsinə malik komandadır. Yəqin ki, Qurban Qurbanov rotasiyalar edəcək, ehtiyat qüvvəyə şans verəcək. Onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

- “Qarabağ”ın Belçikada “Gent”ə qarşı 120 dəqiqə mübarizə aparması və məğlub olması “Neftçi”nin xeyrinə işləyə bilər?
- Əlbəttə. Komandaların oyun təqviminin sıxlığına nəzər yetirsək, “Neftçi” üstün görünə bilər. Amma nəzərə alaq ki, “Qarabağ” bütün diqqətini çempionata cəmləyə biləcək. Çünki nə ölkə kubokunda, nə də artıq avrokuboklarda iştirak edir. Bütün fikirlərini Premyer Liqaya yönəldəcəklər. Ən yaxın izləyiciləri sayılan “Sabah” və “Neftçi”nin xal fərqini azaltmamasına çalışacaq.

- Bəs “Qarabağ”ın “Gent”i keçməməsinə səbəb nə idi?
- “Qarabağ”da fiziki cəhətdən hələ də müəyyən çatışmazlıq var. Yeni gələnlər, zədədən qayıdanlar var. Belçikadakı görüşün birinci hissəsində təmsilçimiz üstün idi. Amma getdikcə bunu əldən verməyə başladı. Xüsusən də, əvəzetmələrdən sonra disbalans yarandı. Rəqibin sonradan meydana daxil olan oyunçuları komandanı gücləndirdilər. “Qarabağ”da isə əvəzetmədən oyuna qoşulanlar əlavə güc qata bilmədilər. “Gent”in qolu da gözlənilirdi. Əlavə edilmiş vaxtda isə qol olmaması “Qarabağ” üçün əlverişli idi. Ancaq penaltilər seriyası artıq lotereyadır. Burada bəxt gətirmədi. “Gent”i üstələyərək, yeni tarix yazmaq olardı. Çünki “Gent” keçilməyəcək komanda deyildi.

- “Qarabağ”ı bütün bu problemlərin fonunda “Neftçi” önündə favorit saymaq olar?
- “Qarabağ”ın ümumi üstünlüyünü qeyd eləmək olar. Ancaq belə oyunda sürpriz də istisna deyil. “Qarabağ”ın indiki durumunu nəzərə alsaq, “Neftçi” qələbə qazana bilər.

- “Qarabağ” yəqin ki, heyətdə rotasiyalar edəcək və ehtiyat qüvvə ilə meydana çıxacaq. Buna rəğmən Ağdam klubunun yenə favorit sayılması iki komanda arasında fərqin böyük olmasının göstəricisi deyil?
- Düz qeyd elədiniz. “Qarabağ”ın eyni gücdə iki heyəti varsa, “Neftçi”də belə imkan yoxdur. “Neftçi”nin ehtiyat qüvvəsi elə geniş deyil. Bu komandada hansısa futbolçunun sıradan çıxması böyük problemə səbəb ola bilər. Matçların gedişində də bunu hiss eləmək olur. “Qarabağ”la oyunların birinci hissələrində “Neftçi” yaxşı çıxış edir. Hətta bəzən fasiləyə öndə də yollanır. Amma ikinci hissədə “Qarabağ” əvəzetmələrlə güclənir, “Neftçi” bunu edə bilmir. Belədə də üstünlük “Qarabağ”ın tərəfinə keçir.

- Bu görüşün çempionluq mübarizəsinə hansısa təsiri ola bilər?
- “Neftçi” qalib gəlsə, intriqa bir az arta bilər. Belə vəziyyətdə “Sabah” da qələbə qazanmaqla, bir qədər yaxınlaşar. Yenə də “Qarabağ”ın çempionluğu əldən verəcəyinə inanmıram. Bu mövsüm “Qarabağ”ın titul qazanmaq üçün yeganə şansı çempionatdır.

- Hər iki komandada oynamısınız, “Neftçi” ilə baş məşqçi kimi də uğur qazanmısınız. Hansına azarkeşlik edəcəksiniz?
- “Neftçi”nin yetirməsiyəm, orada həm futbolçu, həm də məşqçi kimi çalışmışam. Əlbəttə ki, simpatiyam bu komandayadır. Amma meydanda kim güclüdürsə, o da qalib gəlsin. Millinin məşqçisi kimi fikrimi açıq şəkildə bildirməyim düzgün olmaz.

- Premyer Liqada qış fasiləsindən sonra artıq 6-cı tur oynanılır. Millinin 2023-cü ildəki ilk rəsmi matçlarına isə cəmi bir ay vaxt qalıb. Yığma üzvlərinin hazırkı durumu ürəyinizcədir?
- Tək-tək ad çəkmək istəmirəm. “Qarabağ”ın milli üzvləri avrokubok oyunlarında pis çıxış etmədilər. Müdafiə xəttində etibarlı oynadılar. Bundan başqa, Riçard Almeyda çoxdan idi oynamırdı. Buna baxmayaraq, “Gent”lə görüşdə ən böyük iş əmsalı onda oldu. Digər klublardakı oyunçular da izlənilir. Hələ vaxta var. Düzdür, milli üzvlərinin vəziyyəti hələ tam ürəkaçan deyil. Ancaq yavaş-yavaş forma yığırlar.

- AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriyanın, 27-də isə İsveçin qonağı olacaqsınız. Həmin səfər görüşlərində nəyə ümid edəcəksiniz?
- Çox ağır qrupdur və ilk turlarda favoritlərlə səfərdə üz-üzə gələcəyik. Bu baxımdan bizi çətin oyunlar gözləyir. Ancaq yenə də komanda şəklində ən yaxşısını edib, xallar qazanmağa çalışacağıq.