"Araz-Naxçıvan"ın vitse-prezidenti: "Benfika"ya böyükhesablı məğlubiyyət bir dərsdir"

Futbol
  • 25 noyabr, 2025
  • 13:35
Araz-Naxçıvanın vitse-prezidenti: Benfikaya böyükhesablı məğlubiyyət bir dərsdir
Mahmud Sadıqov

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Benfika"ya (Portuqaliya) 0:9 hesablı məğlubiyyət "Araz-Naxçıvan" üçün dərs olub.

Bunu "Report"a açıqlamasında Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, Portuqaliya təmsilçisinin bütün komponentlərdə üstün olduğunu söyləyib:

"Rəqibimiz layiqli qələbə qazandı. Bütün komponentlərdə bizdən üstün idilər. "Benfika" Avropanın sayılıb-seçilən, UEFA Çempionlar Liqasında birincilik uğrunda oynayan komandalardandır. Bildiyiniz kimi, 3 futzalçımız oynamadı. Əvəzində heyətə gənc oyunçular dəvət almışdılar. Beynəlxalq təcrübələri olmadığına görə müəyyən çaşqınlıqlar yaranırdı. İstənilən halda, hesabın bu cür olacağını heç kim gözləmirdi. Bu da bir dərsdir. Yəqin ki, bütün səhvlərimizi müzakirə edib, dərs çıxaracağıq".

Klub rəsmisi cavab matçında komandanın daha yaxşı oyun göstərəcəyinə inanır:

"Mümkünsüz heç nə yoxdur. Top yumru, meydança da düzdür. Mobil komandamız var, oynaya bilirlər. Amma "Benfika"ya səfərdə 9 qol vurmaq çox çətin olar. Ümid edirəm ki, səfərdən qələbə ilə qayıdacağıq. Azərbaycan futzalını təmsil edirik və rəqibimizə layiqli cavab vermək üçün var gücümüzlə çalışacağıq. 9 qol vuracağımıza söz vermirəm, amma inanıram ki, rəqibin meydanında yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, tərəflər arasında cavab matçı dekabrın 5-də Portuqaliyada keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti