“Araz-Naxçıvan”ın oyunçusu: “Rəqib düşünüldüyü qədər də zəif deyil”

Futbol
  • 24 avqust, 2023
  • 07:15
“Araz-Naxçıvan”ın oyunçusu: “Rəqib düşünüldüyü qədər də zəif deyil”

“Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil”.

“Report”un məlumatına görə, bunu “Araz-Naxçıvan”ın futzalçısı İsa Atayev UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin II turunda qarşılaşacaqları Almaniya “Yan Reqensburq”u barədə danışarkən deyib.

34 yaş oyunçu rəqibin müdafiə xəttinin güclü olduğunu bildirib: “Yan Reqensburq”un ilk turdakı rəqibi liderliyə iddialı “Riqa” idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.

İsa Atayev ilk turda Türkiyə çempionu “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanmalarına baxmayaraq, çətinliklə üzləşdiklərini söyləyib: “İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.

Dünənki qarşılaşmada dubla imza atan futzalçı, xüsusən də, vurduğu ikinci qolun gözəl alındığını vurğulayıb: “Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı qol alındı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Araz-Naxçıvan” - “Yan Reqensburq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.