"Araz-Naxçıvan"ın baş məşqçisi: "Omoniya" ilə oyun bizim üçün ağır alındı"

Futbol
  • 07 avqust, 2025
  • 22:20
Araz-Naxçıvanın baş məşqçisi: Omoniya ilə oyun bizim üçün ağır alındı

"Omoniya" ilə oyun "Araz-Naxçıvan" üçün ağır alınıb.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Elmar Baxşıyev Bakıda Kipr təmsilçisinə dörd cavabsız qolla uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, belə matçlarda səhvlər nəticəsiz qalmır:

"Ağır matç alındı. Qarşımızdakı rəqibin təcrübəli olduğunu bilirdik. Zəif oynadıq. Qəbul etmək lazımdır. Komanda olaraq düzgün yanaşıb, davam etməliyik".

Baxşıyev ilk gündən bu komandanı daha çox hücumda görmək istədiyini vurğulayıb:

"Bu oyuna hazırlıq da sırf ancaq hücum yönündə deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı. Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu, elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, birinci hissə ikinci yarıdan seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etməliyik".

Mütəxəssis rəqibdən qorxmadıqlarını sözlərinə əlavə edib:

"Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdırmı? Xeyr. Sadəcə, bəzən istəyirsən, amma alınmır".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

44 filmi