Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək

Futbol
  • 12 aprel, 2026
  • 06:03
Almaniyanın Union klubuna qadın baş məşqçilik edəcək

"Union" klubu baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb.

"Report" xəbər verir ki, qərar Almaniya çempionatında səfərdə "Haydenhaym"a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllər klubun U-19 kollektivinə rəhbərlik edən Mari-Luiza Eta təyin olunub.

"Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik", - klubun rəsmi saytı 34 yaşlı mütəxəssisin sözlərini sitat gətirib.

54 yaşlı Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyunda 16 qələbə qazanıb, 14 heç-heçə edib və 21 dəfə məğlub olub.

29 turdan sonra hesabında 32 xal olan "Union" Almaniya Bundesliqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.