Aftandil Hacıyev: "Qarabağ"ın U-19 komandası ilə UEFA Gənclər Liqasındakı rəqibləri arasında səviyyə fərqi var"

Futbol
  • 02 oktyabr, 2025
  • 15:14
Aftandil Hacıyev: Qarabağın U-19 komandası ilə UEFA Gənclər Liqasındakı rəqibləri arasında səviyyə fərqi var
Aftandil Hacıyev

"Qarabağ"ın U-19 komandası ilə UEFA Gənclər Liqasındakı rəqibləri arasında səviyyə fərqi var.

Bu barədə "Report"a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev açıqlama verib.

O, komandanın ötən gün Danimarkanın müvafiq yaş qrupundan ibarət "Kopenhagen" kollektivinə 0:5 hesabı ilə uduzduğu matçla bağlı fikirlərini bölüşüb:

"Bu məsələyə hazırda birmənalı yanaşmaq çətindir. Qlobal baxmaq lazımdır. Bu yaş qrupunda, heyət baxımından çatışmazlıqlar var. Daha əvvəl yaxşı futbolçular akademiyadan başqa komandalara üz tutublar. Nəticənin yaxşı olmamasında bir səbəb budur. Amma ən vacib məqam qarşılaşdığımız klublardır. Onların hamısının akademiyası uzun illərdir ki, sistemlə çalışır, heyətlərini əcnəbi oyunçularla da formalaşdıra bilirlər. Hətta bunu biznes layihəsinə çevirirlər. Hər biri ilə üz-üzə gələndə bunu oyun baxımından da hiss edirik. Futbolçuların fərdi keyfiyyətləri baxımından kifayət qədər böyük fərq var. Amma bütün hallarda istəməzdik böyükhesablı məğlubiyyətlə üzləşək".

A.Hacıyev oyunçuların bacarıqlarını ortaya qoymağa çalışdıqlarını söyləyib:

"Amma bu, kifayət etmir. Səviyyə fərqi sözünü deyir. Dünyadakı ən yaxşı futbol akademiyaları ilə üz-üzə gəlirik. "Benfika" və "Kopenhagen"i də buna nümunə göstərmək olar. Qarşıda bizi "Atletik", "Çelsi", "Ayaks", "Napoli" kimi güclü klublar gözləyir. Hamısı yüksək səviyyəli oyunçular yetişdirirlər. Bizim bu gün onlarla müqayisə aparmağımız doğru olmaz. İki il ərzində ölkə çapında milli komanda üçün futbolçular vermişik. Aşağı yaş qruplarından ibarət yığmalarımızda xeyli oyunçumuz var. MDB Oyunlarında finala yüksələn komandada yer alanlardan 11-i "Qarabağ"da çıxış edir. Amma beynəlxalq oyunlar üçün bu kifayət etmir. Sistematik fikirləşmək lazımdır. Ölkədə uşaq futboluna yanaşma dəyişməlidir. Bu, illər, böyük zəhmət, sərmayə, infratruktur tələb edir. Bu gün futbolçulardan UEFA Gənclər Liqasında böyük nəticə gözləmirik. Amma bu, məşqçilərimiz üçün də böyük təcrübədir. Gələcəkdə faydasını görə bilərik".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv ötən gün Bakıda "Kopenhagen"ə 0:5 hesabı ilə uduzub. U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına isə 1:7 hesabı ilə məğlub olmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti