Aftandil Hacıyev: "Çelsi"yə məğlubiyyətin səbəbi əvəzetmələr və futbolçuların tempdən düşməsi oldu"
- 06 noyabr, 2025
- 13:34
"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasında "Çelsi"yə 0:5 hesabı ilə uduzmasının səbəbi rəqibin əvəzetmələri və futbolçuların tempdən düşməsi olub.
Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
O, "Çelsi" ilə matçı şərh edib:
"Çelsi"yə qarşı düşündüyümüzdən daha yaxşı oynadıq. 60 dəqiqə demək olar qapımızda ciddi təhlükə yaranmadı. Hətta bir neçə dəfə fərqlənə də bilərdik. Bizim üçün belə klubların akademiyalarının təsmilçiləri ilə oynamaq olduqca yaxşıdır. Dünənki görüşdə rəqibin əvəzetmələri, futbolçularımızın tempdən düşməsi böyükhesablı məğlubiyyətlə nəticələndi. Buna baxmayaraq, oyun baxımından o qədər də narazı qalmadıq. Futbolçular bacardıqlarını ortaya qoydular".
Mütəxəssis UEFA Gənclər Liqasında "Benfika"ya, "Kopenhagen"ə və "Atletik"ə böyükhesablı məğlubiyyətlərin səbəbləri haqqında da danışıb:
"Rəqiblər ən yuxarı pillələrdə qərarlaşan komandalardır. Bu klublar uzun illərdir akademiyalara böyük sərmayələr yatırırlar. Heyətlərində olan 19 yaşadək futbolçuların qiymətləri milyonlarla ölçülür. Belə futbolçular yetişdirmək üçün ən azı şəraitimiz olmalıdır. Halbuki komandalarımız standart olmayan meydanlarda məşq edirlər. Fikrimcə, bunlar əsas səbəblərdir. "Atletik", "Benfika", "Çelsi", "Ayaks" kimi klubların akademiyaları çox öndədirlər. Buna baxmayaraq, rəqiblərə müqavimət göstərirdik. Son 30 dəqiqədə yol verilən səhvlər fiziki durumun aşağı olmasından irəli gəlir".
O, müəyyən yaş qruplarında futbolçu çatışmazlıqları olduğunu qeyd edib:
"Protokolda "Qarabağ"ın 15 yaşlı üç futbolçusu qeydiyyatda idi. Gələcəyi düşünüb addımlar atırıq. Çalışırıq ki, bir neçə ilə bu futbolçular təcrübə toplasınlar. Onsuz da 18-19 yaş qruplarında çatışmazlıqlar var. Ona görə də daha azyaşlı futbolçulara yer veririk. Məsələn, Amin Rzayevi göstərə bilərəm. Özündən yaşca böyüklərlə oynamasına baxmayaraq, dünən meydanda ən yaxşılardan idi".
Qeyd edək ki, U-19 UEFA Gənclər Liqasında keçirdiyi görüşlərdə "Çelsi"yə 0:5, "Benfika"ya 1:7, "Kopenhagen"ə 0:5 və "Atletik"ə 0:3 hesabı ilə məğlub olub.