AFFA rəsmisi: "Yerli futbolçulara görə ödəniləcək məbləğ klublar üçün əlavə stimul olacaq"
- 20 avqust, 2025
- 16:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Yerli futbolçulara görə ödəniləcək məbləğ klublar üçün əlavə stimul olacaq.
Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis AFFA tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviqi mexanizminin tətbiq edilməsi məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, yeni qərar Azərbaycan futbolu üçün faydalı olacaq:
"Bir şeyi başa düşməliyik ki, Premyer Liqada legioner limiti ləğv olunursa, yerli oyunçuları da düşünməliyik. Ödəniləcək məbləğlə yerli futbolçuların meydana çıxmasına şərait yaradılacaq. Düşünürəm ki, mövcud vəziyyət klublar üçün stimul olacaq. Qəbul edilən qərar Azərbaycan futbolunun xeyirinə hesablanıb. Çünki orada bir bənd var ki, əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu üçün daha çox ödəniş ediləcək".
V.Sadıqov Premyer Liqada çıxış edən klubların əsas heyətdə yerli oyunçulara şans verməsini xatırladıb:
"Artıq cari mövsümdə ilk tur arxada qaldı. "Qarabağ" və "Sabah"ın oyunlarını izləyə bilmədik. Lakin digər klublara baxarkən xoş mənzərə ilə rastlaşdıq. Legioner limiti ləğv olunanda hər birimiz düşünürdük ki, klubar ancaq əcnəbi futbolçularla çıxış edəcək. Lakin ilk turda gördük ki, iddialı komandalar belə yerli futbolçuların xidmətindən yararlanırlar".
Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 manat) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 manat) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarının yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Çempionat çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə edilən vaxtda meydana çıxan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.