AFFA rəsmisi: "Şamaxı stadionunun meydanının durumu oyunların keçirilməsi üçün uyğundur"

Futbol
  • 15 sentyabr, 2025
  • 11:11
AFFA rəsmisi: Şamaxı stadionunun meydanının durumu oyunların keçirilməsi üçün uyğundur

Şamaxı şəhər stadionunun ot örtüyünün hazırkı vəziyyəti çempionat oyunlarının keçirilməsi üçün uyğundur.

Bunu "Report"a açıqlamasında AFFA-nın İnfrastruktur departamentinin direktoru Fuad Cəfərov deyib.

Qurum rəsmisi stadionda bir neçə komandanın ev oyunlarını qəbul etməsinə baxmayaraq, meydanın durumunun tələblərə tam cavab verdiyini bildirib:

"Hazırda Şamaxı şəhər stadionunda "Şamaxı"nın əsas və aşağı yaş qruplarından ibarət komandaları ev oyunlarını, həmçinin məşqlərini keçirirlər. Eyni zamanda, Misli Premyer Liqasında çıxış edən "İmişli" və "Karvan-Yevlax" da rəqiblərini bu stadionda qəbul edirdi. Çox sayda oyun və məşqlərə baxmayaraq, Şamaxı şəhər stadionunun ot örtüyünün hazırkı vəziyyəti çempionat oyunlarının keçirilməsi üçün uyğundur və standartlara tam cavab verir. Avqustun 25-də ot örtüyü FIFA tərəfindən akreditə olunub. Süni örtük sistemlərinin FIFA-nın keyfiyyət, təhlükəsizlik və performans standartlarına uyğunluq yoxlanışını həyata keçirən laboratoriya tərəfindən yoxlanılıb. Testlərin nəticələrinə əsasən, meydanın hazırkı durumu süni örtüklər üçün tətbiq edilən keyfiyyət sertifikatı olan "FIFA Quality" tələblərinə tam uyğundur".

Qeyd edək ki, hazırda "Karvan-Yevlax" və "Şamaxı" sözügedən stadionda ev oyunlarını keçirir. IV tura qədər isə "İmişli" də rəqiblərini Şamaxı şəhər staionunda qəbul edib. Bölgə təmsilçisi IV turdan etibarən ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti