AFFA-nın 2016-cı il üçün infrastruktur xərclərinin həcmi məlum olub

Futbol
  • 15 mart, 2017
  • 12:32
AFFA-nın 2016-cı il üçün infrastruktur xərclərinin həcmi məlum olub

Bakı. 15 mart. REPORT.AZ/ AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanmasına ayrılan vəsaitin həcmi açıqlanıb. 

"Report"un məlumatına görə, AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2016-cı il üzrə Hesabatında bu məbləğin 2 milyon 801 min 658 manat təşkil etdiyi bildirilir.

Bu vəsaitin 1 milyon 292 min 975 manatı Bakı Olimpiya Stadionuna, 504 min 737 manatı "Dalğa Arena"ya, 303 640 manatı "Bayıl Arena"ya, 206 min 118 manatı təlim-məşq bazasına, 181 615 manatı "Bakcell Arena"ya, 161 810 manatı AFFA Futbol Akademiyasına, 75 844 manatı Binə stadionuna, 74 min 919 manatı isə Ağsu stadionuna ayrılıb.

Qeyd edək ki, 15 fevral 2016-cı il tarixli müqaviləyə əsasən "Bakcell Arena" stadionu "Neftçi" futbol klubuna icarəyə verilib. Bu səbəbədən sözügedən klub stadionun inzibati heyətinin əmək haqqını və kommunal xərclərini ödəməyi öhdəsinə götürüb. Eyni zamanda milli komanda stadiondan təmənnasız istifadə hüququna malikdir.

AFFA-nın baş sponsoru SOCAR-dan əlavə daxil olan 1 milyon 810 min 510 manat vəsait federasiyanın vasitəçiliyi ilə Bakı Olimpiya Stadionuna köçürülüb.

44 - Tezliklə