"Formula 1" üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib

Formula 1
  • 20 avqust, 2026
  • 10:56
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində könüllülər üçün təlim prosesi təşkil olunub.

"Report" xəbər verir ki, media nümayəndələrinə təlim prosesini yaxından izləmək və işıqlandırmaq imkanı yaradılıb.

Tədbirdə Azərbaycanda "Formula 1" üzrə Qran-prinin keçirilməsinin 10 illiyi münasibətilə könüllülük proqramının ötən illər ərzindəki inkişafı, əldə olunan nəticələr və yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, ötən 10 il ərzində "Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllülük proqramının ən gənc iştirakçısının 16, ən yaşlı könüllünün isə 75 yaşı olub. Proqrama olan maraq 2016-cı ildən bu günədək kəskin şəkildə artıb. İlk yarış ilində qeydiyyatdan keçən namizədlərin sayı 7 min olduğu halda, bu mövsüm göstərici rekord həddə çataraq 49 min təşkil edib.

Könüllülərin hazırlanmasında 2016-cı ildən fəaliyyət göstərən Bakı Şəhər Halqası Akademiyasının xüsusi rolu olduğu, iştirakçıların yarış zamanı üzərlərinə düşən vəzifələrə hazırlanması ilə yanaşı, onların şəxsi və peşəkar inkişafına da diqqət yetirildiyi qeyd olunub.

Hazırlıq prosesinin ixtisaslaşmış təlimləri və praktiki məşğələləri əhatə etdiyi, könüllülərin komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdirdiyi və dinamik mühitdə çevik fəaliyyət göstərməyi öyrəndikləri də bildirilib.

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.