AEBA ilk dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisində nüvə təhlükəsizliyini təmin edir
- 20 sentyabr, 2025
- 01:35

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilk dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisi"ndə nüvə təhlükəsizliyinə dəstək verir.
"Report"un BMT-nin saytının məlumatına görə, AEBA ekspertləri daha əvvəl Azərbaycanın paytaxtı Bakıda olublar.
Onlar Fransa və BƏƏ-dən olan mütəxəssislərlə birlikdə tədbirin təşkilatçıları ilə məsləhətləşib və 100-dən çox radiasiya nəzarət cihazının istifadəsini müzakirə etdilər.
"Böyük tədbirlər nüvə və digər radioaktiv materiallardan potensial istifadə edənlər də daxil olmaqla, cinayətkarlar üçün əsas hədəflərdir. Nüvə təhlükəsizliyi dəstəyimizi sürətli avtomobil idmanı dünyasına artıraraq, sayıqlıq zonamızı genişləndiririk, ölkələrə kritik boşluqları bağlamağa və əhalinin təhlükəsizliyini təmin etməyə kömək edirik", - AEBA-nın baş direktoru Rafael Mariano Qrossi vurğulayıb.
AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentinin direktoru Yelena Buqlova agentliyin sistemli işini xatırlayıb: "Son iki onillikdə AEBA nüvə təhlükəsizliyi protokollarının ənənəvi ictimai hadisələrdən mühafizə tədbirlərində – milyonlarla insanın təhlükəsizliyini təmin edən səylərə inteqrasiyasında ön sıralarda olub. "Formula 1" yarışları kimi tədbirlərdə pərdə arxasında nüvə təhlükəsizliyini tədbirlərdən əvvəl və tədbirlər zamanı ümumi tədbirlər paketinin əsas hissəsi kimi qəbul edən ardıcıl yanaşma mövcuddur".
AEBA daha əvvəl BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) Azərbaycanı dəstəkləyib, noyabrda keçiriləcək MDB Oyunları və 2026-cı ildə Ümumdünya Şəhər Forumu zamanı ölkə ilə əməkdaşlığı davam etdirəcək. Agentlik 2004-cü ildən bəri 49 ölkədə 88 əsas tədbirin nüvə təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərib, 2023-cü ildə isə Avstriyanın Zaysbersdorf şəhərində Nüvə Təhlükəsizliyi Təlim və Nümayiş Mərkəzi açılıb.