Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib

Fərdi
  • 30 mart, 2018
  • 13:09
Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib
Report

Bakı. 30 mart. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin İclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev iştirak edib.

İclas çərçivəsində gündəlikdə dayanan bir sıra məsələlər müzakirə olunaraq həllini tapıb. Qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılmasına qərar verilib.

İcraiyyə Komitəsi üzvlərinin yekdil səsverməsinə əsasən, X.İsayev 9 dövləti əhatə edən (Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğız Respublikası, Monqolustan, İran) BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib.

Tədbir zamanı həmçinin BƏOK-un 2017-ci ilin yekunlarına əsasən müəyyən olunmuş mükafatlarının təqdimetmə mərasiminin bu il sentyabrın 20 - 27-də Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində təşkil olunması təsdiqini tapıb.