Azərbaycan para-cüdoçusu: "Tokioda qızıl medal qazanacağıma əmin idim"

Fərdi
  • 14 aprel, 2020
  • 17:32
Azərbaycan para-cüdoçusu: Tokioda qızıl medal qazanacağıma əmin idim

"Koronavirus pandemiyası ilə əlaqədar hər kəs kimi mən də #evdəqal kampaniyasına qoşulmuşam. Lakin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışdığım üçün peşə borcumu yerinə yetirirəm".

Bu fikirləri "Report"a açıqlamasında Tokio Yay Paralimpiya Oyunlarına vəsiqəni böyük ölçüdə təmin etmiş para-cüdoçu Vüqar Şirinli deyib.

28 yaşlı idmançı ev şəraitində, onlara verilən gündəlik təlimatlar əsasında fərdi məşqlər etdiyini bildirib: "Digər idman növlərində olduğu kimi, cüdo zalları da bağlıdır. Karantin rejiminin davam etdiyi müddətdə fərdi şəkildə məşqlər edirəm və gündəlik olaraq məşqçilərlə paylaşıram. Hazırda bu məşqlər formada qalmağımız üçündür. Hamı kimi virusdan qorunmaq üçün nə lazımdırsa, edirəm. Eyni zamanda Daxili İşlər Nazirliyi və çalışdığım Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə vətəndaşlarımız üçün pandemiya ilə bağlı maarifləndirici tədbir həyata keçiririk".

Şirinli bütün yarışların, xüsusilə də Tokio-2020 Yay Paralimpiya Oyunlarının təxirə salınmasının onun üçün üzücü xəbər olduğunu söyləyib: "Oyunları böyük həyacanla gözləyirdim. Çünki bu yarışın hər idmançı üçün nə dərəcədə vacib olduğunu hər kəs bilir. Mən də lazımi lisenziya xalları qazanaraq, "Tokio-2020"yə vəsiqəni böyük ölçüdə təmin etmişəm. Yalnız lisenziyamın rəsmiləşməsi qalır. Neçə müddətdir ki, hazırlaşır, özümü çox yaxşı formada hiss edirdim. Paralimpiya Oyunlarında qızıl medal qazanacağıma əmin idim. Lakin məlum virusla bağlı bütün planlarımız alt-üst oldu". 

Paracüdoçu Oyunların 2021-ci il təxirə salınmasının hamı kimi ona da müəyyən çətinliklər yaradacağını dilə gətirib: "İdmançı həmişə eyni formada ola bilmir. İl keçdikcə yeni nəsil idmançılar çıxır ki, bu da bizə müəyyən çətinliklər yaradır. Amma inanıram ki, ilk növbədə, xalqımız bu bəladan xilas olacaq və biz idmançılar da yarışlarda iştirak edərək üçrəngli bayrağımızı yüksəklərə qaldıracağıq".

Keçmiş cüdoçu çətin günlərdə aztəminatlı ailələrə imkanı daxilində köməklik etdiyini də vurğulayıb: "Elə bir həssas məqam yaranıb ki, hamımız həmrəylik nümayiş etdirib belə ailələrə dəstək olmalıyıq. Mən də çalışdığım qədər əlimdən gələni əsirgəmirəm və xeyirxah dostlarımla birlikdə bu qəbildən olan insanlara yardımlar edirəm".